Molotov-Ribbentrop paktı
From Wikipedia, the free encyclopedia
Molotov-Ribbentrop paktı[lower-alpha 1] və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi[lower-alpha 2] — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır.[8]
Molotov-Ribbentrop paktı | |
---|---|
Molotov-Ribbentrop paktı və ya Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi | |
Müqavilənin tipi | Hücum etməmə müqaviləsi |
İmzalanma tarixi | 23 avqust 1939-cu il |
İmzalanma yeri | Moskva, Rusiya Sovet Federativ Sosialist Respublikası, Sovet İttifaqı |
Qüvvəyə minməsi | |
• şərtləri | Bir-birinə hücum etməmə və ticarət öhdəlikləri |
Qüvvədən düşməsi |
De fakto: 22 iyun 1941-ci il De yure: 30 iyul 1941-ci il |
Tərəflər |
Sovet Sosialist Respublikaları İttifaqı Üçüncü Reyx |
Dili | Almanca və rusca |
Vikianbarda əlaqəli mediafayllar |
Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı.[9]
Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi. Qış müharibəsindən sonra 1940-cı ilin mart ayında Sovet İttifaqı Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini özünə ilhaq etdi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) da Sovet İttifaqı tərəfindən ilhaq edildi. Sovet İttifaqı Polşanı işğal etməsininə haqq qazandırmaq üçün Poşadakı etnik belaruslar və ukraynalılar barədə narahat olduqlarını bildirmişdi. Stalinin 1940-cı ildə Bukovinanı işğal etməsi, onun Berlin-Roma-Tokio oxu ilə razılaşdırılmış nüfuz dairələrini pozması demək idi.[10]
1939-cu il Sovet İttifaqının Polşanı işğal etməsi zamanı ilhaq edilmiş torpaqlar (Kurzon xəttinin şərqi) II Dünya müharibəsinin sonuna qədər Sovet İttifaqının əlində qaldı və hal-hazırda, Ukrayna və Belarusiyaya aiddir. Keçmiş polyak ərazisi Vilno isə hal-hazırda Litvanın ərazisidir və paytaxt Vilnüs orada yerləşir. Yalnız Belostok bölgəsi və Qalisiyanın kiçik bir hissəsi olan San çayının şərqi Przemysl ətrafı Polşa dövlətinə qaytarıldı. SSRİ tərəfindən 1939-1940-cı illərdə ilhaq edilmiş digər ərazilər olan Finlandiyanın Qərbi Kareliya, Petsamo, Estoniyanın Eston İnqiriyasl və Petseri və Latviyanın Abren bölgələri hətta, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra belə Rusiya Sovet Federativ Sosialist Respublikasının varisi olan Rusiya Federasiyasının ərazisi olaraq qalır. Rumıniyadan ilhaq edilmiş ərazilər də Sovet İttifaqına birləşdirilmişdi. Bu ərazilər əsasında Moldova SSR təşkil edilmiş, digər bölgələr isə Ukrayna SSR-ə verilmişdi. Hal-hazırda, Bessarabiyanın daxili torpaqları əsasında Moldova formalaşmışdır, Bessarabiyanın şimal hissəsi, Şimali Bukovina və Hertza isə birləşdirilmiş və Çernivtsi oblastı adı ilə Ukraynaya daxil edilmişdi. Cənubi Bessarabiya isə Ukraynanın Odessa oblastına birləşdirilmişdi.
Pakt 1941-ci ilin 22 iyununda, Nasist Almaniyasının Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum etməsi ilə qüvvədən düşdü.[11] Beləcə, Lebensraumun ideoloji hədəflərindən biri həyata keçirildi. Müharibədən sonra fon Ribbentrop müharibə cinayətlərində ittiham edildi və edam edildi. Molotov Sovet İttifaqının süqut etməsindən 5 il əvvəl - 1986-cı ildə 96 yaşında vəfat etdi. İkinci Dünya müharibəsinin sona çatmasından az sonra Nasist arxivlərində paktın surətləri aşkar edildi və Qərbdə nəşr edildi. Sovet İttifaqı isə 1989-cu ilə qədər belə bir paktın olmasını rədd edirdi.[12] Lakin 1989-cu ildə paktın vaxtilə imzalanması qəbul edildi və paktın imzalanması qınandı. Sovet İttifaqının son lideri Mixail Qorbaçov paktı qınamışdı.[13] Rusiyanın hazırkı prezidenti Vladimir Putin paktı "əxlaqsızlıq" adlandırsa da, "lazımi şeytanlıq" olaraq da müdafiə etmişdi.[14][15]