Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq
From Wikipedia, the free encyclopedia
Rəqəmsal mediadan istifadə və əqli sağlamlıq — rəqəmsal mediadan istifadə ilə psixi sağlamlıq arasındakı əlaqələr. Bu mövzu müxtəlif tədqiqatçılar, əsasən psixoloqlar, sosioloqlar, antropoloqlar və tibbi ekspertlər tərəfindən, xüsusən də 1990-cı illərin ortalarından, ümumdünya hörümçək torunun böyüməsindən sonra araşdırılmışdır. Əhəmiyyətli bir araşdırma qrupu ümumiyyətlə "rəqəmsal asılılıqlar" kimi tanınan "həddən artıq istifadə" fenomenini araşdırmışdır. Bu hadisələr bir çox cəmiyyətlərdə və mədəniyyətlərdə fərqli şəkildə özünü göstərir. Bəzi ekspertlər əqli sağlamlıq da daxil olmaqla müxtəlif sahələrdə orta səviyyədə rəqəmsal mediadan istifadənin faydalarını və yeni texnoloji həllər ilə əqli sağlamlıq problemlərinin müalicəsini tədqiq etmişlər.
Rəqəmsal medianın faydalı və patoloji istifadəsi arasında fərq müəyyən edilməmişdir. Geniş qəbul edilmiş diaqnostik meyarlar yoxdur, baxmayaraq ki, bəzi ekspertlər ondan həddən artıq istifadəni əsas psixiatrik pozuntuların təzahürü hesab edirlər. Patoloji olaraq rəqəmsal mediadan istifadənin qarşısının alınması və müalicəsi də standartlaşdırılmamışdır, lakin uşaqlar və ailələr üçün mediadan daha təhlükəsiz istifadə haqqında təlimatlar hazırlanmışdır. Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) və Xəstəliklərin Beynəlxalq Təsnifatının (ICD-11) 2013-cü ildəki beşinci nəşrinə problemli internet istifadəsi və problemli sosial media istifadəsi üçün diaqnozlar daxil edilməmişdir. ICD-11-ə qeyminq pozuntusu diaqnozu (ümumiyyətlə videooyun asılılığı kimi tanınır) aiddir, DSM-5-də isə yoxdur. Bu şərtlərin necə və nə vaxt diaqnoz qoyulacağı ilə bağlı müzakirələr davam edir. Bu hadisələrə və diaqnozlara istinad etmək üçün asılılıq terminindən istifadə olunması sual altındadır.
Rəqəmsal media və ekran vaxtı uşaqların müsbət və mənfi şəkildə necə düşündüyünü, qarşılıqlı əlaqəsini və inkişafını dəyişdi, lakin tədqiqatçılar rəqəmsal mediadan istifadə və əqli sağlamlıq nəticələri arasında fərz edilən səbəb-nəticə əlaqələrinin mövcudluğundan əmin deyillər. Görünür ki, bu bağlantılar fərddən və istifadə etdikləri platformalardan asılıdır. Bir neçə böyük texnologiya firması rəqəmsal mediadan istifadənin risklərini azaltmağa çalışmaq üçün öhdəliklər götürmüş və ya strategiyalar elan etmişdir.