Stalinqrad döyüşü
From Wikipedia, the free encyclopedia
Stalinqrad döyüşü (17 iyul 1942 – 2 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları.
Stalinqrad döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Şərq cəbhəsi | |||
| |||
Tarix | 17 iyul 1942 — 2 fevral 1943 | ||
Yeri | Stalinqrad (indiki Volqoqrad), Rusiya SFSR, Sovet İttifaqı | ||
Nəticəsi |
Sovet qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət[4]) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur.[5] Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi.
19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir. Bu zaman Adolf Hitler mühasirədə qalan qoşunlara Stalinqradda qalmaq və heç bir hücum hərəkəti etməmək haqqında göstəriş vermişdir. Mühasirədə qalan alman qoşunlarına havadan dəstək verilməsinə və mühasirə həlqəsinin xaricdən yarılması məqsədilə edilmiş hücumlara baxmayaraq, bu cəhdlər heç bir nəticə verməmişdir. Ağır döyüşlər bundan sonra da iki ay müddətində davam etmişdir. 1943-cü ilin fevral ayının əvvəlindən etibarən Stalinqradda qalan qoşunların silah-sursatının və ərzaq ehtiyatının tükənməsi nəticəsində 6-cı Ordunun sağ qalmış hissələri təslim olmaq məcburiyyətində qaldı.[6]