İran Məşrutə inqilabı
From Wikipedia, the free encyclopedia
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur.
İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı.
Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi.
1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi. İran parlamenti 1906–1907-ci illər konstitusiyasını dəyişdirdi və 1797–1925-ci illərdə İranı idarə edən Qacarlar sülaləsini Pəhləvi sülaləsi ilə əvəz etdi. Bununla da, Pəhləvilərin hakimiyyəti legitimləşdirildi. İnqilabı Gilan vilayətində Cəngəlilər hərəkatı (1914–1921) izlədi.