Azərbaycan faunası
From Wikipedia, the free encyclopedia
Azərbaycan faunasının zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.
Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.[1]
Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.
Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.