Macar inqilabı (1956)
From Wikipedia, the free encyclopedia
Macar inqilabı (mac. 1956-os forradalom) və ya Macar üsyanı — Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu proses Sovet hakimiyyəti üçün İkinci Dünya müharibəsində SSRİ ərazilərinin Nasist Almaniyasının hərbi qüvvələrindən təmizləməsi uğrunda mübarizədən sonra Avropadakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir.
Macar inqilabı (1956) | |||
---|---|---|---|
Soyuq müharibənin bir hissəsi | |||
| |||
Tarix |
23 iyun – 11 noyabr 1956 Əsas mərhələ: 23 oktyabr – 4 noyabr 1956 |
||
Yeri | Macarıstan Xalq Respublikası | ||
Nəticəsi |
Sovetlərin qələbəsi İnqilab uğursuzluqla nəticələndi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság, azərb. Dövlət Mühafizə Təşkilatı) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu. Bu, inqilabın növbəti mərhələsinin başlanğıcı mənasına gəlirdi. Xəbərlər yayıldıqca paytaxtda iğtişaşlar və şiddət daha da artaraq pik həddə çatırdı.
Üsyan sürətlə yayıldı və hökumət parçalandı. Minlərlə insan milis dəstələrində birləşərək DMT (Dövlət Mühafizə Təşkilatı) və Sovet qoşunları ilə vuruşurdu. Üsyan zamanı zorakı hadisələr baş verirdi. Bir tərəfdən bir neçə yerli lider və DMT üzvləri ələ keçirilərək linç edilir, digər tərəfdən isə əvvəlki siyasi məhbuslar azadlığa çıxaraq silahlanırdı. Radikal və hazırlıqsız fəhlə şuraları bələdiyyə hakimiyyətini idarəedici Macarıstan Zəhmətkeşlər Partiyasının əlindən alaraq siyasi reform tələb etdi.
İmre Nadın başçılıq etdiyi yeni hökumət rəsmi olaraq DMT-ni ləğv etdi, Varşava Müqaviləsi Təşkilatından çıxmaq niyyətində olduğunu bildirdi və azad seçkilərin yenidən keçiriləcəyi vədini verdi. Oktyabr ayının sonlarına doğru döyüşlər, demək olar ki, dayandı və həyat normal axarı ilə davam etməyə başladı. Əvvəlcə SSRİ qüvvələrinin geri çəkilməsi üçün danışıqlara açıq görünən Sov.İKP MK Siyasi Bürosu daha sonra fikrini dəyişdi və inqilabı boğmağa cəhd etdi. Noyabrın 4-də çoxsaylı Sovet qüvvələri Budapeştə və ölkənin digər ərazilərinə soxuldu. Macarların müqaviməti 10 noyabra qədər davam etdi. Münaqişədə 2500-dən çox macar və 700-dən çox Sovet əsgəri həlak oldu, 200.000-ə yaxın macar isə qaçqın düşdü. Bundan sonra kütləvi həbslər və ittihamlar aylarla davam etdi. 1957-ci ilin yanvarına qədər yeni qurulmuş Sovet hökuməti bütün ictimai müxalifəti aradan qaldırdı. Sovetlər bu hərəkətləri ilə Şərq Bloku üzərində nəzarətlərini gücləndirsələr də, Qərb blokundakı bir çox marksistin rəğbətini itirdilər. Nəticədə bu, parçalanmalara və kapitalist ölkələrdəki kommunist partiyaları üçün böyük üzv itkisinə səbəb oldu.
Macarıstanda üsyan haqqında ictimai müzakirələrin təşkili 30 ildən çox qadağan edildi. 1980-ci illərdə siyasi vəziyyətin bir qədər mülayimləşməsindən sonra bu, gərgin araşdırma və müzakirə mövzusu oldu. 1989-cu ildə Üçüncü Macarıstan Respublikası qurulandan sonra 23 oktyabr milli bayram elan edildi.