Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu
From Wikipedia, the free encyclopedia
Yuxarı Baş — Azərbaycanın Şəki şəhərinin yuxarı[1][2] (hündür[3]) tarixi[2] hissəsində tarix-memarlıq qoruğu. Bura Şəki şəhərinin ən qədim hissəsidir.[3] Qoruğun ərazisi 283 hektardır, direktoru isə Təranə Abdullayevadır.[4]
Qoruq ərazisinə Şəki xan sarayının da yerləşdiyi Nuxa qalası və karvansarayların və müxtəlif sənət növlərinə aid dükanların yerləşdiyi əsas alış-veriş küçəsi daxildir.[1] Alış-veriş küçəsinin ətrafında hələ də öz qədim adlarını daşıyan məhəllələr yerləşir: Gileyli, Qırıçı, Qullar, Duluzlar, Aqvanlar, Otaq eşiyi, Sarı torpaq və s.[3][5] Qoruq ərazisində həmçinin Şəkixanovların evi, məscidlər və hamamlar yerləşir.[6]
Yuxarı Baş 6 mart 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə memarlıq qoruğu elan edildi. Şəhərin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə 2019-cu ildən Ümumdünya İrsidir.