Ecazkar qadın
From Wikipedia, the free encyclopedia
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır.
Ecazkar qadın | |
---|---|
ing. Wonder Woman | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi |
"All Star Comics #8" (oktyabr, 1941)[1] |
Yaradıcı(lar) |
Uilyam Molton Marston[2] Harri Corc Piter (göstərilməyib) |
Xüsusiyyətlər | |
Əsl adı | Femiskiralı Şahzadə Diana |
Doğum yeri | Femiskira |
Cinsiyyəti | qadın |
Boyu | 182sm |
Çəkisi | 59 kq |
Göz rəngi | mavi |
Saç rəngi | qara |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı |
Üzvlükləri | Ədalət Liqası |
Partnyorları |
Stiv Trevor Betmen Supermen Ecazkar qız Supergörl |
Düşmənləri |
Darksayd Dumsdey Breyniak Bizarro Leks Lyutor General Zod |
Ləqəbləri | Dayana Prins |
Gücləri | İnanılmaz güc, uçmaq, tez sağalmaq, reflekslər |
Silahları | Həqiqət qamçısı, məhvedilməz qolçaqlar, uçan tiara, qılınc və qalxan |
Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton)[2] və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston[3] personaj üçün ilham mənbəyi olmuşlar.[2][4][5][6][7] Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir. Ecazkar qadın (Wonder Woman) başlığı DC Comics tərəfindən, 1986-cı il istisna olmaqla, fasiləsiz olaraq nəşr edilməkdədir.[8]
Ecazkar qadının mənşə hekayəsinə əsasən o, anası Kraliça Hippolita tərəfindən gildən yaradılmış, Afrodita ona can vermiş, Yunan tanrıları isə superinsan gücləri hədiyyə etmişlər. Sonradan DC onun mənşəyini dəyişmişdir; yeni varianta görə Zevs və Hippolitanın qızı olan Ecazkar qadın xalası Antiopa və Menalippe tərəfindən böyüdülmüşdür.
1980-ci illərdə Ecazkar qadına əzələli görünüş bəxş edən rəssam Corc Perez onun amazon mənşəyini xüsusi vurğulamışdır.[9][10] Ecazkar qadının uşaqlıqdan amazonlar tərəfindən məşq etdirilməsi onda ovçuluq və döyüş bacarıqlarının formalaşmasına səbəb olmuşdur. Ecazkar qadın, Həqiqət qamçısı, qırılmayan qolçaqlar və silah kimi istifadə etdiyi tiaradan ibarət silah cəbbəxanasına malikdir; köhnə hekayələrdə isə onun amazon texnologiyalarına əsaslanan bir neçə başqa silahları da vardır. Ecazkar qadın personajı İkinci Dünya müharibəsi dövründə yaradılmışdır; ilkin olaraq personaj Berlin-Roma-Tokio oxunda, həmçinin rəngarəng supercanilərlə döyüşdə təsvir edilirdi, lakin tədricən onun hekayələrində Yunan mifologiyasından olan personajlar, tanrılar və bədheybətlərə daha çox diqqət yetirilməyə başlayır. Əksər hekayələrdə Ecazkar qadının özünü xilas etməsindən bəhs edilir ki, bu da 1940-cı illərin komikslərində geniş yayılmış "çətin vəziyyətdə olan xanım" stereotipini qırırdı.[11] Debütündən keçən dövr ərzində Ecazkar qadın amazonları məhv etməyə çalışan çoxsaylı düşmən ordusu toplamışdır ki, onların da arasına Ares, Leopard, Həkim Zəhər, Həkim Psixo, Sirseya, Giqanta, daha sonradan isə Veronika Keyl və Först-born daxil olmuşlar. Ecazkar qadın həm də tez-tez Ədalət Cəmiyyəti (1941-ci ildən etibarən) və Ədalət Liqasına (1960-cı ildən etibarən) həsr olunmuş komiks kitablarında görünür.[12]
Müxtəlif medialara uyğunlaşdırıldığına görə, personaj populyar mədəniyyətin ən məşhur fiqurlarından biridir. 1971-ci ildə Qloriya Steynem personajı "Ms." Jurnalının üz qabığına yerləşdirmişdir; 1975–1979-cu illərdə yayımlanmış və Linda Karterin "Ecazkar qadın" teleserialının əsas qəhrəmanı olan personaj, həm də "Super dostlar" və "Ədalət Liqası" animasiya seriallarında iştirak etmişdir. Karterin iştirakı ilə personaj izləyicilərə təqdim edildikdən sonra, personaj müxtəlif oyuncaqlar və digər merçendayzinq məhsullarında təmsil olunmağa başlamış, 2009-cu ildə ona DC tərəfindən çəkilmiş və Keri Rasselin rol aldığı cizgi filmi həsr edilmişdir. Ecazkar qadını televiziyaya qaytarmağa çalışan NBC telekanalı 2011-ci ildə TV pilotu sifariş etmiş[13], bunun ardınca The CW telekanalı uğursuz layihə başlatmağa çalışmışdır.[14][15] DC Genişləndirilmiş Kainatında Ecazkar qadın personajını Qal Qadot canlandırır. Qal Qadotun ifasında Ecazkar qadın ilk dəfə 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində görünmüş, daha sonra ekranlaşdırılmış "Leqo film" personajın 75 illik tarixində ikinci animasiya filmi olmuşdur.[16] 2 iyun 2017-ci ildə personaja həsr olunmuş ilk layv-ekşn filmi olan "Ecazkar qadın" təqdim edilmişdir.[17][18]