Ərəb–İsrail müharibəsi (1948)
From Wikipedia, the free encyclopedia
1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.[2][3][4][5][6][7]
Birinci Ərəb-İsrail müharibəsi | |||
---|---|---|---|
Ərəb-İsrail müharibələri | |||
| |||
Tarix |
12 may 1948 – 10 mart 1949 (9 ay, 3 həftə, 2 gün) |
||
Yeri | Keçmiş Böyük Britaniya mandatındakı Fələstin, Sinay yarımadası, Cənubi Livan | ||
Səbəbi | Fələstin ərazisində İsrail dövlətinin yaradılmasının elan edilməsi və ərəblərin buna etiraz etməsi | ||
Nəticəsi |
|
||
Ərazi dəyişikliyi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi.
Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.
15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu.[8] Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər.[9][10] Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.[11]
Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü.[12] Misir Qəzzəni, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi.[13]
1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi.
Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı.[14][15] Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla).[16] Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.[17][18]
Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.[19]